“Caspian Energy Club” üzvləri “Food City Agrocomplex”ə təşkil olunan “Business Tour”da iştirak ediblər
“Caspian Energy Club” Azərbaycanın regionlarında biznesin inkişafına və ticarət mühitinə töhfə vermək məqsədilə Xudat şəhərində yerləşən "Food City Agrocomplex"ə “Business Tour” təşkil edib. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
“Business Tour” çərçivəsində iştirakçılara "Food City Agrokomplex" haqqında ətraflı məlumat verilib, iş prosesləri ilə yaxından tanış olma imkanı yaradılıb. İştirakçılar həmçinin logistika və beynəlxalq ticarət sahəsindəki əsas aspektləri müzakirə edərək, qida məhsullarının təhlükəsizliyinin təmin olunmasında tətbiq olunan ən son texnologiyalar və metodlarla tanış olublar. Eyni zamanda müxtəlif şirkətlər arasında əməkdaşlıq imkanları və ticarət zənciri üzrə biznes networking-in inkişafı kimi əhəmiyyətli mövzular da müzakirə edilib.
Telman Əliyev "Food City Agrocomplex" rəhbərliyinə dərin təşəkkürünü bildirərək, “Bu səfər yalnız təcrübə mübadiləsi deyil, eyni zamanda Azərbaycanda aqrar-sənaye sektorunun təqdim etdiyi unikal imkanları kəşf etməyə şərait yaradır; bu sektor, kənd təsərrüfatı sahəsində yeni nailiyyətlərin şahidi olduğumuz müasir inkişafla sahibkarlar üçün zəngin və perspektivli potensiala malikdir. Eyni zamanda, bu layihə Azərbaycana idxal və ixrac imkanlarını artırmaqla, logistik haba çevrilməsi yolunda daha bir uğurlu addım olacaq və regional ticarətin inkişafına, iqtisadi əlaqələrin güclənməsinə töhfə verəcək.
Platformanın bir sıra üstünlükləri var, amma əsas üstünlüklərindən biri KOBİA mərkəzinin burada mövcudluğudur. Bu, təşkilatın sahibkarlarla sıx əməkdaşlıq etdiyini və dayanıqlı inkişaf yolunda maneəsiz irəliləmə üçün müxtəlif şəraitlər yaratdığını bir daha vurğulayır. Eyni zamanda, bu təşkilat, sahibkarların dövlət strukturları ilə əlaqələrini asanlaşdırmaq və kommunikasiyanı təkmilləşdirmək üçün bütün mümkün səyləri göstərir. Bu, müasir biznes mühitinin tələblərinə uyğun olaraq, sahibkarların daha effektiv fəaliyyət göstərmələrinə kömək edir”, – deyə qeyd edib.
"Food City Agrocomplex"in baş icraçı direktoru Anar Ağayev salamlama nitqində əldə etdikləri təcrübəni bölüşməkdən məmnunluğunu ifadə edib.
“COP29-un Azərbaycanda keçirilməsi və “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi ölkəmizdə aqrar sektora da öz müsbət təsirini göstərməkdədir. Bizim məqsədimiz yalnız uğurlu layihələr həyata keçirmək deyil, eyni zamanda gələcək nəsillərə daha yaşıl bir dünya miras qoymaqdır”, Anar Ağayev vurğulayıb.
“Food City Agrocomplex”in Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin üzərində yerləşməsinin sahibkarlar üçün böyük fürsətlər yaratdığını vurğulayan baş icraçı direktor əminliklə bildirib ki, kompleksin fəaliyyəti ilə Azərbaycanın idxal-ixrac potensialı daha da inkişaf edəcək. Onun sözlərinə görə, Aqrokompleksin “Bir pəncərə” prinsipi əsasında sahibkarlar rəsmiləşdirmə, terminal xidmətləri, saxlanc, çeşidləmə, qida təhlükəsizliyi laboratoriyası və digər çoxsaylı əməliyyatlar üzrə ixtisaslaşmış xidmətlərə çıxış əldə edirlər ki, bu da onlara işlərini daha sürətli həll edərək məhsullarını qısa zamanda ixrac etmək imkanı qazandırır.
“Dövlət və özəl sektor tərəfdaşlığı ilə kompleks layihələr həyata keçirmək missiyamıza uyğun olaraq “Food City Agrocomplex”də tətbiq edilən İdxal-ixrac sənədləşmələri, Bütün növ bank xidmətləri, Mənşə sertifikatının verilməsi, Fitosanitar sertifikatın verilməsi, İdxal-ixrac əməliyyatlarına nəzarət, Çevik idarəetmə sistemi ilə səmərəli əlaqələndirmə və s. bu kimi əməliyyatlar bir nöqtədə toplanıb. Bu da nəticə etibarilə Azərbaycan sahibkarı üçün böyük imkanlar yaradır. Bundan əlavə qeyd etmək istərdim ki, terminal və gömrüklə bağlı xidmətlər, effektiv yükaşırma əməliyyatları sahibkarlamız üçün faydalı imkanları təmin edir. Belə ki, “Agrocomplex”in ekosisteminə daxil olan gömrük zonasında kameralı soyuducular və qapalı tipli müvəqqəti gömrük saxlanc anbarları, eyni zamanda saatda 20-25 tıra xidmət göstərə bilən X-Ray yoxlama-baxış sistemi yerləşir. Bundan başqa, ölkəmizin tranzit potensialının daha da genişləndiyi bir vaxtda “Food City Alliance”ın logistik terminalında tranzit yükaşırmaları da həyata keçirilir. Bütün bunların kompleks şəkildə olması sahibkarlara həm vaxta qənaət etməyə, həm də planladıqları zaman çərçivəsində məhsul ixracını həyata keçirməyə imkan yaradır”, - Anar Ağayev bildirib.
“Business Tour”a beynəlxalq ticarət, logistika və brokerlik sahələrində fəaliyyət göstərən şirkətlərin rəhbərləri və müavinləri qatılıb.
Səfərin əsas hissəsi, iştirakçıların 20-dən çox B2B formatlı görüşləri olmuşdur. Bu danışıqlar əsnasında sahibkarlar müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini araşdırmaq, yeni əlaqələr qurmaq və müvafiq layihələrin icrası üçün fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Daha sonra yeni şirkətlərə “Caspian Energy Club”a üzvlük sertifikatları təqdim olunub. Yekunda “Caspian Energy Club”ın üzvləri ilə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi ehtimalları müzakirə olunub.