“Food City Aqrokompleks” ISO 9001:2015 sertifikatı əldə edib
“Food City Aqrokompleks” fəaliyyət göstərdiyi istiqamətlər üzrə innovativ həllərin tətbiqini, idarəetmə sisteminin təkmilləşdirdirilməsini, keyfiyyət göstəricilərinin müasir çağırışlara və beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutan ISO 9001:2015 “Keyfiyyət İdarəetmə Sistemi” beynəlxalq sertifikatını əldə edib.
Sertifikat Aqrokompleksin fəaliyyətinin monitorinqi və tətbiq olunan keyfiyyət standartlarının yoxlanılması əsasında Türk Standartları İnstitutu (TSE) tərəfindən verilib. Sertifikat verən qurum IQNet Association (The International Certification Network - Beynəlxalq Sertifikatlaşdırma Şəbəkəsi) və TÜRKAK (Türk Akkreditasiya Qurumu) tərəfindən akkreditasiyadan keçdiyi üçün ikili sertifikat (həm ingilis, həm də türk dillərində) təqdim olunub.
ISO 9001:2015 “Keyfiyyət İdarəetmə Sistemi”nin tətbiqi göstərilən xidmətlərdə keyfiyyət standartlarının yüksəldilməsinə, müştərilərin sorğularına çevik reaksiya göstərilməsinə, müştəri məmnuniyyətinin artırılmasına istiqamətlənmiş təkmil idarəetməyə imkan yaradır. Sertifikat, həmçinin, iş proseslərində risklərin təhlil edilməsi və qiymətləndirilməsi, sistemli formada monitorinqlərin aparılması və nəticələrinin təhlil edilməsi, hesabatlılığın təmin olunması üçün zəmin formalaşdırır.
Qeyd edək ki, “Food City Aqrokompleks” idxal-ixrac əməliyyatlarının “Bir pəncərə” prinsipi ilə rəsmiləşdirilməsi, logistika, broker, tranzit, saxlanc, çeşidləmə, qida təhlükəsizliyi laboratoriyası və digər çoxsaylı xidmətlər üzrə ixtisaslaşmış aqroklasterdir.