"Food City Aqrokomplex"ə Səlahiyyətli İqtisadi Operator layihəsi çərçivəsində SİO sertifikatı təqdim edilib
“Gülüstan” sarayında “Gömrük-Biznes Forumu 2024” keçirilib.
Forumda dövlət və özəl sektorun, ictimaiyyətin, gömrük işinin təşkili sahəsində ixtisaslaşan elm adamları, ekspertlər və media təmsilçilərindən ibarət nümayəndələr iştirak edib.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov dövlət və özəl sektor arasında əmakdaşlıqdan danışaraq Prezident İlham Əliyevin diqqət və qayğısı ilə formalaşan gömrük-biznes münasibətlərinin inkişafından bəhs edib, gömrük prosedurlarının sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi sayəsində yerli və xarici sərmayəçilər üçün ölkəmizdə daha əlverişli biznes mühitinin yaradıldığını diqqətə çatdırıb.
Daha sonra Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Food City Aqrokomplex"in Baş icraçı direktor Anar Ağayevə Səlahiyyətli İqtisadi Operator layihəsi çərçivəsində SİO sertifikatını təqdim edib.
Səlahiyyətli İqtisadi Operator - Ümumdünya Gömrük Təşkilatının norma və standartlarına uyğun olaraq malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsində gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından prioritet qaydada istifadə edən idxalatçılar, ixracatçılar, daşıyıcılar, gömrük təmsilçiləri və anbar sahibləridir. Səlahiyyətli İqtisadi Operator sadələşdirilmiş gömrük əməliyyatları, minimum gömrük yoxlamaları, ticarət zənciri boyu təmassız və maneəsiz hərəkət, 7/24 kommunikasiya imkanı, güvənli gömrük-biznes əməkdaşlığı, beynəlxalq bazarlara əlçatanlıq kimi üstünlüklərdən faydalanacaq.